UN-Habitat: Mənzil siyasəti təkcə sosial evlərlə məhdudlaşmamalıdır

İnfrastruktur
  • 19 may, 2026
  • 13:15
UN-Habitat: Mənzil siyasəti təkcə sosial evlərlə məhdudlaşmamalıdır

Mənzil siyasəti təkcə sosial evlərlə məhdudlaşmamalıdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Tədqiqat və Analitika Bölməsinin nümayəndəsi Matthijs van Oostrum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, milli mənzil siyasəti fərqli formalarda - müəyyən platformalarda, ortaq məlumat bazalarında mövcuddur: "Biz, həmçinin çox sayda çox xüsusi tematik və ya sektoral hədəfi olan mənzil siyasətləri də görürük. Məsələn, müəyyən etdiyimiz bir çox milli mənzil siyasətləri əslində dövlət mənzil siyasətləridir (sosial mənzil siyasətləridir). Beləliklə, bir çox ölkələrdə, xüsusən də Avropada görürsünüz ki, onların mənzil təminatına milli nöqteyi-nəzərdən yanaşması daha çox dövlət mənzil fonduna yönəlib. Və məncə, bizim "Habitat" olaraq təşviq etmək istədiyimiz məqamlardan biri də budur ki, həmin ölkələrin mənzil siyasətinin digər aspektlərinə də baxması və öz siyasətlərini inteqrasiya olunmuş (bütöv) şəkildə hazırlaması vacibdir".