UN-Habitat: İqlim riskləri şəhərsalma qarşısında ciddi çağırışlar yaradır
- 20 may, 2026
- 17:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaşayış məkanlarının 80 %-i iqlim dəyişikliklərinin təsiri altındadır.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean regionu üzrə Regional Ofisinin Direktoru Kazuko İşiqaki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mənzil davamlılığı şəhər sistemləri çətinliyi kimi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri yaşayış məkanlarının böyük hissəsinə təsir göstərir və bu, şəhərsalma qarşısında ciddi çağırışlar yaradır: "Yaşayış məkanlarının təxminən 80 %-i iqlim dəyişikliklərinin təsirinə məruz qalır. Bu yaşayış məkanlarının idarə olunması olduqca çətin məsələdir və qarşımızda böyük vəzifələr dayanır. Yaşayış mühitinin formalaşdırılması zamanı insanların ehtiyacları və iqlim riskləri paralel şəkildə nəzərə alınmalıdır. Təşkilat bu istiqamətdə özəl sektor, universitetlər və müxtəlif qurumlarla əməkdaşlıq edir. Bizim platformalarda 300-dən çox təşkilat və müxtəlif idarələr təmsil olunur. Üzvlərin 58 %-i özəl sektorun payına düşür".
BMT rəsmisi qeyri-formal yaşayış məntəqələrində istifadə olunan alternativ tikinti materiallarının da araşdırılmasının vacibliyini qeyd edib: "Latın Amerikasında insanlar evlərini özləri tikirlər. Burada hansı materiallardan istifadə olunduğunu öyrənməliyik. Bəlkə daha az sementdən və ya alternativ bioloji materiallardan istifadə mümkündür. Şəhər planlaşdırılması, su təchizatı və enerji sistemləri dayanıqlı şəhər inkişafının əsas istiqamətləri olaraq qalır".