UN-Habitat: Ekoloji davamlılıq naminə mənzil olmalı deyil
- 19 may, 2026
- 15:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekoloji davamlılıq naminə mənzil sistemlərinin daha da əlçatmaz (baha) olmasına imkan vermək lazım deyil.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri, mənzil təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.
"Əsas problem mənzil sistemlərini eyni zamanda həm icmaların, həm də ekosistemin xeyrinə olacaq şəkildə dəyişdirmək, eyni zamanda ədalətliliyi, inklüzivliyi və ümumi rifahı artırmaqdır. Ona görə də bu əsas aspektlər birlikdə irəli aparılmalıdır və hazırkı mənzil sektorunun ən vacib problemidir. Biz bu mövzunu yenidən adekvat mənzil təminatının əsas elementlərinin bir hissəsi kimi formalaşdırmaq istərdik. Aydın olmalıdır ki, ekoloji davamlılıq adekvat mənzil hüququna maneə deyil, əksinə, bu hüququn tam şəkildə reallaşması üçün vacib bir şərtdir. Orada adekvat mənzil təminatının 7 əsas elementini görürsünüz və olduqca aydındır ki, məsələn, biz əsas xidmətləri, o cümlədən su təminatını həyata keçirərkən su və enerji səmərəliliyinə malik mənzillərin olması təkcə mövcud resurslardan maksimum yararlanmağı təmin etmir, həm də faktiki olaraq ev təsərrüfatlarının cari xərclərini azaldır. Bu, digər bütün aspektlərə də tətbiq oluna bilər. Ona görə də biz ekoloji davamlılıq və bərpaolunma qabiliyyəti aspektini adekvat mənzil təminatı ilə bağlı insan hüquqları çərçivəsində çox güclü şəkildə kontekstləşdirmək istəyirik", - deyə o qeyd edib.