UN-Habitat dağ yaşayış məntəqələrinin inkişafına yeni yanaşmaları irəli sürür
- 20 may, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı üçün optimal həllərin işlənib hazırlanması UN-Habitat-ın fəaliyyətinin əsas prioritetlərindən biri olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Əlinin müraciətində deyilir.
Bildirilib ki, həmin müraciət WUF13 çərçivəsində MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasında UN-Habitat-ın RF-dəki rəhbəri Anastasiya Mixaylova tərəfindən oxunub.
Müraciətdə qeyd olunur ki, dağ ərazilərinin inkişafına BMT-nin ayrıca tematik proqramı həsr edilib.
Erfan Əlinin sözlərinə görə, UN-Habitat iqlim şəraitini, mədəni xüsusiyyətləri, biomüxtəlifliyin qorunması və dağ landşaftlarının mühafizəsi zərurətini nəzərə alan şəhərsalma yanaşmalarını irəli sürür. Bu yanaşmalar şəhərlərin həddindən artıq genişlənməsinin qarşısını almağa imkan verən yığcam və qarşılıqlı əlaqəli şəhər mühitinin formalaşdırılmasına yönəlib.
Əsas prioritetlər arasında dağ yaşayış məntəqələrinin dayanıqlığının, təhlükəsizliyinin, səmərəliliyinin və inklüzivliyinin artırılması yer alır.
"UN-Habitat bu sahədə MDB ölkələrinin nümayəndəlikləri, xüsusən Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanla fəal əməkdaşlıq edir", - müraciətdə deyilir.