Tamar İoseliani: "Orta Dəhlizin effektiv olması üçün Azərbaycanla fəal əməkdaşlıq edirik"

İnfrastruktur
  • 01 oktyabr, 2026
  • 13:00
Tamar İoseliani: Orta Dəhlizin effektiv olması üçün Azərbaycanla fəal əməkdaşlıq edirik

Gürcüstan Orta Dəhlizin sürətli və effektiv olması üçün Azərbaycanla fəal əməkdaşlıq edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Tbilisidə Dünya Bankı tərəfindən keçirilən regional forumda deyib.

Onun sözlərinə görə, Dünya Bankının yeni araşdırması Orta Dəhlizin genişləndiyini və böyük iqtisadi potensiala malik olduğunu göstərir.

T.İoseliani bildirib ki, araşdırmaya əsasən, 2040-cı ilədək Orta Dəhliz üzrə yük dövriyyəsinin 4 dəfə artacağı, yükdaşıma müddətinin isə təxminən üçdə iki azalacağı gözlənilir. Onun sözlərinə görə, bu proses dəhliz boyunca yerləşən ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərə bilər:

"Orta Dəhlizin vahid sistem kimi işləməsi vacibdir. Biz onun rəqabətqabiliyyətli, sürətli, etibarlı və effektiv olması üçün tərəfdaş ölkələrlə, o cümlədən Qazaxıstan və Azərbaycanla fəal əməkdaşlıq edirik. Ötürmə qabiliyyətinin artırılması və müştərilərə etibarlı marşrut təklif edilməsi üçün həyata keçirdiyimiz investisiyaları əlaqələndiririk".

T.İoseliani əlavə edib ki, Gürcüstan 2025-ci ilin sonunda 10 illik nəqliyyat inkişafı üzrə vizyon və plan hazırlayıb. Bu çərçivədə ölkə 2032-ci ilədək əsas nəqliyyat infrastrukturunun inkişafına təxminən 7 milyard ABŞ dolları səfərbər etməyi planlaşdırır.