"Su hövzələrində təhlükəsizliyin təmin olunması" mövzusunda müşavirələr keçirilib
- 20 may, 2026
- 12:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı şəhərinin Xəzər, Sabunçu və Qaradağ rayonlarında "Su hövzələrində təhlükəsizliyin təmin olunması" mövzusunda müşavirələr keçirilib.
"Report" xəbər verir ki, müşavirələr Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirlərdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Müşavirələr zamanı sözügedən rayonların ərazisində yerləşən su hövzələrində aparılmış monitorinqlərin nəticələri təqdim olunub.
Çıxış edənlər yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin təşkili, həmçinin ölkə ərazisində su hövzələrində həyata keçirilən təhlükəsizlik tədbirləri barədə məlumat veriblər.
Aşkar edilən nöqsanlar fotoslaydlar vasitəsilə nümayiş etdirilərək onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər geniş müzakirə edilib.