Şəhərsalma Məcəlləsi ilə bağlı qanunvericilik təklifləri müzakirə olunacaq

İnfrastruktur
  • 17 dekabr, 2021
  • 06:48
Şəhərsalma Məcəlləsi ilə bağlı qanunvericilik təklifləri müzakirə olunacaq

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun bu ilin yekunlarına həsr olunmuş onlayn iclası keçirilib.

"Report" bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) istinadən xəbər verir.

Məlumata görə, iclas çərçivəsində iştirakçılara “Bir pəncərə” elektron sisteminin ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair mövcud vəziyyət haqqında geniş məlumat verilib, portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Tikinti icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu iclasda cari ilin 11 ayı ərzində tikinti icraatı üzrə müraciətlərlə bağlı qurumların fəaliyyətinin təhlili, 2021-ci il ərzində işçi qrupunun fəaliyyət planının icra vəziyyətini müzakirəsi aparılıb.

Bununla yanaşı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədrinin tapşırığına əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinin tələblərinin təmin edilməsi vəziyyətinin araşdırılmasına dair hazırlanmış qanunvericilik təklifləri barədə məlumat verilib. İclasda cari ilin Fəaliyyət Planının yekun qiymətləndirilməsi və 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də təşkil edilib. Hazırlanmış qanunvericilik təkliflərinin detallı müzakirəsi məqsədilə növbəti həftə ərzində işçi qrupun növbədənkənar iclasının keçirilməsi barədə qərar qəbul edilib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Prezident İlham Əliyevin 13.07.2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaqdır. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, bu istiqamətdə hazırlanacaq proqram və layihələrinin həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya 19 işçi qrupu yaradıb. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupuna DŞAK rəhbərlik edir.