Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir
- 19 noyabr, 2025
- 18:15
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
AYNA-dan "Report"a bildirilib ki, hazırda xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir.
Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu.
Qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Nəticədə hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və bununla da xüsusi hərəkət zolağı təşkil edilib.
Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.
Agentlik ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.