Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
- 08 noyabr, 2026
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobil səkiyə çıxaraq səkkiz piyadanı vurub.
"Report" xəbər verir ki, bu barədə "Fox" telekanalının yerli bölməsi şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Hadisə Arlinqton-Hayts rayonunda, Vaşinqton bulvarında baş verib. Tibb işçiləri hadisə yerində 10 nəfəri müayinə edib, onlardan səkkizi xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında üç yaşlı uşaq da var.
İlkin məlumata görə, sedan markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə park edilmiş avtomobilə çırpılıb, daha sonra mağazanın girişinin yaxınlığında səkiyə çıxıb.
Şahidlərin sözlərinə görə, hadisə zamanı iki nəfər avtomobilin altında qalıb. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.
Sürücü təhlükəli avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb. Hüquq-mühafizə orqanları alkoqol və ya narkotik vasitələrin təsiri altında olmağı hadisənin səbəbi hesab etmirlər.
Sürücü isə avtomobilin əyləc sisteminin sıradan çıxdığını bildirib.
Hadisənin təfərrüatları araşdırılır.