Səfir: Türkiyə Orta Dəhlizin inkişafı üzrə işlərin aktivləşdirilməsini təklif edir

İnfrastruktur
  • 28 yanvar, 2026
  • 16:07
Səfir: Türkiyə Orta Dəhlizin inkişafı üzrə işlərin aktivləşdirilməsini təklif edir

Türkiyə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə işlərin aktivləşdirilməsini təklif edir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Türkmənistandakı səfiri Ahmet Demirok mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən bu dəhlizə maraq artmaqdadır.

"Türkmənistan türk məhsullarının Mərkəzi Asiya bazarlarına çatdırılması üçün vacib bir marşrutdur, eləcə Türkiyə də Türkmənistan üçün Avropaya çatdırılmada mühüm rol oynayır. Bu çərçivədə hesab edirik ki, Orta Dəhlizin səmərəliliyini artırmaq üçün, Azərbaycan da daxil olmaqla, ikitərəfli və üçtərəfli səviyyələrdə multimodal nəqliyyatın inkişafı, əməliyyatların sadələşdirilməsi və sürətləndirilməsi üzrə səylərimizi gücləndirməliyik", - səfir bildirib.

O qeyd edib ki, Türkiyə Türkmənistanın nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.

"Türkmənbaşıdakı Beynəlxalq Dəniz Limanı, türk podratçı şirkətlərinin layihəsi əhəmiyyətli logistika potensialına malikdir. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, biz həmişə Xəzər dənizində nəqliyyat və dəniz infrastrukturunun inkişafı səyləri çərçivəsində əməkdaşlığa hazırıq", - o əlavə edib.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Avropa ölkələrindən keçir. Bu marşrut dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə konteyner daşımaları həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti