Sabirabaddakı "Taşobası" müəssisəsində 80 iş yeri yaradılıb

İnfrastruktur
  • 29 oktyabr, 2025
  • 10:40
Sabirabaddakı Taşobası müəssisəsində 80 iş yeri yaradılıb

Sabirabad Sənaye Məhəlləsində yerləşən "Taşobası" müəssisəsində 80 iş yeri yaradılıb.

"Report"un Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyəti sədrinin müşaviri Tural Abdullazadə məlumat verib.

Onun sözlərinə görə, "Taşobası" MMC 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb:

"Müəssisənin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun 2,6 milyon manatlıq hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür".

İZİA rəsmisi bildirib ki, zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur:

"Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb".

T.Abdullazadə xatırladıb ki, Sabirabad Sənaye Məhəlləsi dövlət başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb:

"Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub".

Son xəbərlər

Bütün Xəbər Lenti