Rumıniya rəsmisi: "Azərbaycanı nəqliyyat-logistika əlaqələri üçün qapı kimi nəzərdən keçiririk"
- 29 oktyabr, 2025
- 14:01
Rumıniya Azərbaycan və Xəzər dənizini nəqliyyat-logistika əlaqələri üçün qapı kimi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu Rumıniya Senatının sədri Mirça Abrudeyan Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Mənim bu gün burada olmağım Azərbaycanla əlaqələrin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz Azərbaycanın müstəqilliyini Türkiyədən sonra dünyada tanıyan ikinci ölkə olduq. Bu tərəfdaşlıq bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanla müxtəlif sahələrdə - enerji, nəqliyyat və əlaqəlilik sahəsindəki böyük layihələrdə çox yaxşı əlaqələrimiz var. Çünki biz Azərbaycan və Xəzər dənizini nəqliyyat və əlaqəlilik üçün qapı olaraq görürük", - o bildirib.
M.Abrudeyanın sözlərinə görə, Rumıniya da ölkənin Qara dəniz sahilindəki mövqeyini nəzərə alaraq Azərbaycan üçün Avropaya və Avropadan qapıdır: "Bu gün burada olmaq yenidən dostluğu və çox sıx əlaqələrimiz olduğu faktını vurğulayır. Bu, gələcəkdə də əməkdaşlığımızda öz əksini tapacaq".