Rotterdamda Avrasiyada yük axınlarının yenidən bölüşdürülməsi imkanları müzakirə ediləcək
- 02 sentyabr, 2026
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa dövlətləri və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat dəhlizlərinin formalaşdırılması perspektivləri və ticarət dövriyyəsi strukturunun transformasiyası noyabrın 4-də Rotterdamda (Niderland) keçirilməsi planlaşdırılan 4S biznes-sammitinin gündəliyinin əsas mövzusu olacaq.
"Report" tədbirin təşkilatçılarına istinadən xəbər verir ki, geosiyasi turbulentlik, xammal bazarlarında prioritetlərin dəyişməsi və mövcud logistika zəncirlərinə artan təzyiq şəraitində Şimal, Baltik, Qara və Xəzər dənizləri arasında Avrasiya ticarət sistemində getdikcə daha sıx asılılıq yaranır.
Hazırda qeyd olunan regionlardan birində qəbul edilən qərarlar Şimali Avropadan Mərkəzi Asiyaya qədər yük axınlarının yenidən bölüşdürülməsinə, infrastruktur imkanlarına və alternativ nəqliyyat marşrutlarının formalaşmasına birbaşa təsir göstərir.
Tədbirin işgüzar proqramı xammal resursları istehsalçılarının, beynəlxalq treydinq şirkətlərinin, yük sahiblərinin, logistika və liman infrastrukturu operatorlarının, həmçinin maliyyə və sığorta sektorlarının ekspertlərinin iştirakını nəzərdə tutur. Onların birgə vəzifəsi regionlararası nəqliyyat kommunikasiyalarının inkişafına dair konsolidə edilmiş yanaşmanın işlənib hazırlanması olacaq.
Görüş zamanı iştirakçılar yeni ticarət dəhlizlərinin arxitekturasını formalaşdıran əsas amilləri nəzərdən keçirəcək və Avrasiyanın strateji logistika habları arasında yük axınlarının istiqamətinin dəyişdirilməsi imkanlarını təhlil edəcəklər.