Roland Prays: "Dünya Bankı və Aİ 2026-cı ildə Orta Dəhlizi inkişaf etdirəcək"

İnfrastruktur
  • 22 sentyabr, 2025
  • 15:45
Roland Prays: Dünya Bankı və Aİ 2026-cı ildə Orta Dəhlizi inkişaf etdirəcək

2026-cı maliyyə ilində Dünya Bankı və Avropa İttifaqı (Aİ) birgə yüksək səviyyəli dialoqu təşviq etməyi, investisiyaların prioritetləşdirilməsi üçün inkişaf tərəfdaşlarını birləşdirməyi, birgə maliyyə alətləri hazırlamağı və xüsusi olaraq Orta Dəhliz üçün hesabatlılıq mexanizmləri ilə koordinasiyanı təmin etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində bildirib.

"Diqqətimizi infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına, infrastrukturun səmərəliliyinin artırılmasına və müxtəlif sektorlarda islahatlara yönəltmişik. İnstitusional bacarıqların və koordinasiyanın inkişafı da eyni dərəcədə vacibdir", - o qeyd edib.

Bununla yanaşı, R.Prays hökumətlərin insanlara sərmayə qoymasının önəmli olduğunu vurğulayıb.

"Söhbət gələcəyin iş yerlərinin yaradılmasından gedir. Bizə yeni tələbatı təmin edə bilən işçi qüvvəsi lazımdır ki, bu da bacarıqlara və təhsilə investisiya tələb edir. Biz dəmir yollarını dəmir yolları naminə inşa etmirik – onlar vasitəsilə mallar və kritik əhəmiyyətli resurslar daşınacaq. Eyni zamanda, yaradılan infrastrukturdan tam faydalanmaq üçün sənaye, kənd təsərrüfatı və strateji əhəmiyyətli mineralların hasilatı inkişaf etdirilməlidir", - regional direktor bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti