Qriqori İvliyev: Qlobal mənzil probleminin həlli üçün əsas yol innovativ texnologiyaların tətbiqidir
- 20 may, 2026
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal mənzil probleminin həlli üçün əsas yol innovativ texnologiyaların tətbiqi və ixtiraçıların daha fəal şəkildə dəstəklənməsidir.
"Report" xəbər verir ki, bunu Avrasiya Patent İdarəsinin Prezidenti Qriqori İvliyev WUF13 çərçivəsində "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada deyib.
Onun sözlərinə görə, patent sistemi şəhərsalma və mənzil təminatı sahəsində texnoloji yeniliklərin yayılmasına və tətbiqinə mühüm töhfə verir.
Q.İvliyev bildirib ki, yeni texnologiyalar xüsusilə 3D çap tikinti, modul ev sistemləri, rəqəmsal planlaşdırma və "yaşıl" tikinti həlləri sahəsində ciddi dəyişikliklər yaradır:
"Patentlər enerjiyə qənaət edən materiallar və resurs idarəetmə sistemləri sahəsində həlləri qoruyur. Texnologiyalar şəhərlərin istismar xərclərini və ətraf mühitə təsirini azaldır. "Yaşıl" texnologiyalar barədə isə qeyd etmək istərdim ki, bir çox patent idarələri bu sahədə ərizələrin sürətləndirilməsi mexanizmlərini tətbiq edir. Avrasiya Patent Təşkilatına üzv ölkələrdən bu proqramı hələ ki "Rospatent" (Rusiya) həyata keçirib".
İdarə rəhbəri qeyd edib ki, bu innovasiyalar mənzil tikintisinin həm vaxtını, həm də xərclərini azaldır, eyni zamanda ekologiyaya təsiri minimuma endirir və şəhərlərin dayanıqlılığını artırır.
O əlavə edib ki, patent sistemi çox zaman "maneə" kimi qəbul edilsə də, əslində, ixtiraların ictimailəşdirilməsi vasitəsilə bilik mübadiləsini təmin edir və yeni nəsil tədqiqatçılar üçün inkişaf bazası yaradır.
Sonda Q.İvliyev vurğulayıb ki, patent sistemi təkcə mənzil böhranının deyil, ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm rol oynaya bilər.