Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan ərazisindən nəqli müzakirə edilib
- 21 iyun, 2022
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan və Türkmənistanın neft və neft məhsullarının Azərbaycan və Gürcüstan ərazisindən nəqli və bu yüklərin aşırılması imkanları müzakirə edilib.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən bildirilib.
Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə son aylarda geosiyasi dəyişikliklər nəticəsində neft və neft məhsullarının nəqli və logistikası ilə bağlı yaranan son vəziyyət müzakirə olunub. Konfrans zamanı, Cənubi Qafqaz nəqliyyat dəhlizi vasitəsi ilə qeyd olunan məhsulların dünya bazarına çıxarılması məsələsi diqqət mərkəzində olub. Bununla bağlı dəhliz iştirakçılarının nəqliyyat, logistika və infrastruktur imkanları barədə geniş məlumat verilib və konfrans iştirakçılarına apardıqları görüşlərdə və danışıqlarda yeni kommersiya əlaqələri yaratmağa imkan yaradılıb.
Tədbir çərçivəsində, xüsusi olaraq Qazaxıstan və Türkmənistan neft və neft məhsullarının nəqli və bu yüklərin aşırılması imkanları diqqət mərkəzində olub. Aparılan müzakirələrdə Xəzər dənizindəki Qazaxıstan, Türkmənistan və Azərbaycanın limanların və neft terminallarının yükburaxma qabiliyyəti, onların imkanları, dəmir yollarının imkanları diqqət mərkəzində olub. Tədbirdə “ADY Express”in Logistika departamentinin rəhbəri Yusif Ramazanov çıxış edərək, Azərbaycan dəmir yolları vasitəsi ilə bu cür yüklərin nəqlinə dair ətraflı məlumat verərək, ümumiyyətlə ölkəmizin neft və neft məhsullarının daşınması ilə bağlı tranzit imkanları barədə danışıb. Tədbir çərçivəsində iştirakçılar həmçinin, Orta Asiya-Qafqaz-Avropa/Qərb marşrutunun gələcək perspektivləri ətrafında geniş müzakirələr apararaq, logistika sahəsində əməkdaşlığın səmərəliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.