Professor: "Türkiyə su resurslarının qorunmasında problemlərlə üzləşir"

İnfrastruktur
  • 11 sentyabr, 2025
  • 12:40
Professor: Türkiyə su resurslarının qorunmasında problemlərlə üzləşir
Lütfi Akca

Türkiyə su idarəçiliyi sahəsində mühüm rol oynayır, su resurslarının qorunması və transformasiyasında bir sıra problemlərlə üzləşir.

"Report" xəbər verir ki, bunu Türkiyə Su İnstitutunun (SUEN) prezidenti, professor Lütfi Akca Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində baş tutan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" panelində bildirib.

Onun sözlərinə görə, Türkiyə su ilə zəngin ölkə deyil və Aralıq dənizi hövzəsində yerləşdiyi üçün iqlim dəyişikliyindən ciddi təsirlənir: "Son illərdə ölkədə quraqlıqlar, qeyri-müntəzəm yağışlar və cənub bölgələrində daşqınlar müşahidə olunub. Məhdud su ehtiyatları səbəbindən Türkiyə sudan məsuliyyətli və dayanıqlı istifadəyə xüsusi önəm verir".

Professor bildirib ki, Türkiyədə suyun sərhədləri yoxdur və ölkənin beş transsərhəd çay hövzəsi ümumi su potensialının təxminən 40 %-ni təmin edir: "Həm yuxarı, həm də aşağı axın ölkəsi olaraq Türkiyə qonşularla dialoq və əməkdaşlığa böyük əhəmiyyət verir".

Türkiyəli alim vurğulayıb ki, transsərhəd sularla bağlı əməkdaşlıq hər hövzənin özünəməxsus ehtiyacları və şərtləri nəzərə alınmaqla elmi prinsiplər əsasında aparılmalıdır: "Təcrübələr göstərir ki, ölkələr arasında əməkdaşlıq yalnız mümkündür deyil, həm də zəruridir".

L. Akca həmçinin bildirib ki, Türkiyə uzun illərdir ki, sudan ədalətli, bərabər və məqsədəuyğun istifadə prinsipləri əsasında layihələr həyata keçirir: "Yüksək axın mövsümlərində su anbarlarda yığıldıqdan sonra quraq dövrlərdə belə, aşağı axına su buraxılır. Transsərhəd hövzələrdə problemlərin həlli məqsədi ilə bütün dövlətlərin su mənbələrindən məsuliyyətli və səmərəli istifadə etmələri üçün öhdəlik götürməsi vacibdir".