Peru rəsmisi: "Su qıtlığı və şəhərsalma təzyiqi yeni inkişaf modeli formalaşdırır"
- 22 may, 2026
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Peruda su qıtlığı və şəhərsalma təzyiqi yeni inkişaf modeli formalaşdırır.
"Report" xəbər verir ki, bunu Perunun Çankay şəhərinin merinin müşaviri Alberto Petrilik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Perunun təxminən 30 milyon əhalisi var və onların təxminən 10 milyonu paytaxt Limada yaşayır: "Lima bəlkə də Latın Amerikasının və dünyanın ən quraq böyük şəhərlərindən biridir. Burada yağış ya çox az yağır, ya da demək olar ki, ümumiyyətlə müşahidə olunmur. Bu səbəbdən şəhərin əsas problemi su qıtlığıdır və bu, ciddi hidrik stress yaradır. Limanın 80 km şimalında yerləşən Çankay şəhəri faktiki olaraq paytaxta yaxın bir ərazidir. Son illərdə burada böyük miqyaslı meqa-liman inşa edilib. Bu liman Callao limanına və ölkənin əsas hava nəqliyyatı şəbəkəsinə inteqrasiya olunub".
"Perunun 36 azad ticarət sazişi üzrə ixracatının təxminən 90 %-i dəniz yolu ilə həyata keçirilir. Bu baxımdan Çankay limanı ölkənin iqtisadi sistemində mühüm rol oynamağa başlayıb, ÜDM-ə təxminən 2 %-lik töhfə verdiyi qiymətləndirilir. Lakin bu inkişafın sosial və şəhərsalma təsirləri də var. Cəmi 60 min əhalisi olan Çankayda meqa-limanın yaratdığı iqtisadi təzyiq və Limanın şimala doğru genişlənməsi yeni şəhərsalma ehtiyacını ortaya çıxarıb. Bu məqsədlə planlaşdırılmış yeni şəhər layihəsi hazırlanır. Şəhərin layihələndirilməsi şəhərsalma planlaması çərçivəsində həyata keçirilir və bu proses BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıqda, mərkəzi hökumətin dəstəyi ilə hazırlanır. Burada məqsəd riskləri artırmaq deyil, əksinə, əvvəlki təcrübələr əsasənda daha dayanıqlı şəhər modeli qurmaqdır".