Orxan Əliyev: Ukraynada zərərçəkənlər üçün mənzil həllərinin gələcəyi icarənin inkişafı ilə bağlıdır

İnfrastruktur
  • 21 may, 2026
  • 17:18
Orxan Əliyev: Ukraynada zərərçəkənlər üçün mənzil həllərinin gələcəyi icarənin inkişafı ilə bağlıdır

Ukraynada hərbi əməliyyatlardan zərər çəkənlər üçün mənzil həllərinin gələcəyi, ölkədə mənzil itkilərinin miqyasını və mülkiyyət strukturunu nəzərə alaraq, böyük ölçüdə müasir icarə modelinin inkişafı ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu "Habitat for Humanity International"ın Ukraynadakı layihə rəhbəri Orxan Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) keçirilən tədbir çərçivəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna əhalisinin əhəmiyyətli hissəsi (3 milyondan çox ev təsərrüfatı) mənzilini itirib, bununla yanaşı ölkədə xüsusi mülkiyyət səviyyəsi 95 %-i üstələyir ki, bu da mənzil məsələsini təkcə sosial deyil, həm də sistemli edir:

"Biz əminik ki, zərər çəkmiş çox sayda insan üçün optimal həll məhz uzunmüddətli icarə olacaq. Söhbət 3 milyondan çox dağılmış ev təsərrüfatından gedir".

O.Əliyev qeyd edib ki, hazırkı mərhələdə təkcə mənzillərin tikintisi yox, həm də dayanıqlı idarəetmə və istismar modellərinin formalaşdırılması, eləcə də mənzil fondunun qeyri-kommersiya operatorlarının inkişaf etdirilməsi əsas vəzifəyə çevrilir.