OECD: Dünyada 2,8 milyarddan çox insanın mənzil şəraiti yoxdur
- 19 may, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün dünyada 2,8 milyarddan çox insanın mənzil şəraiti yoxdur.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində bildirib.
Onun sözlərinə görə, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində (gecəqondularda) yaşayır: "Buna görə də, bu, sadəcə sosial bir məsələ deyil, həm də iqtisadi bir məsələdir, iqlimə davamlılıq məsələsidir və nəhayət sosial müqavilənin təməli olan demokratik etimad məsələsidir. OECD məkanında və onun hüdudlarından kənarda insanlar hər gün bizə bunu çox uca və aydın şəkildə çatdırırlar. Təxminən hər iki nəfərdən biri yaxın gələcəkdə müvafiq mənzil təminatı əldə edə bilməyəcəyindən qorxur. Siyasi baxımdan bu, hökumətlərin gözardı edə bilməyəcəyi çox aydın bir xəbərdarlıq siqnalıdır".