İlham Əliyevin MDB sammitində çıxışı Azərbaycanın strateji prioritetlərini əks etdirir - RƏY
- 10 oktyabr, 2026
- 17:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Azərbaycanın regional mövqeyini və strateji prioritetlərini əks etdirir
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Deputatın sözlərinə görə, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional əməkdaşlıq, iqtisadi inteqrasiya və nəqliyyat-logistika sahələrində müəyyən etdiyi strateji hədəflərin növbəti təqdimatı kimi diqqət çəkir:
V.Qafarov bildirib ki, çıxışın mühüm istiqamətlərindən biri Azərbaycan-Türkmənistan münasibətləridir:
"Dövlət başçısı iki ölkə arasında çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi siyasi etimadın möhkəmlənməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır. Xüsusilə Xəzər hövzəsində yerləşən bu iki dövlətin əlaqələrinin inkişafı regional nəqliyyat, logistika və ticarət imkanlarının reallaşdırılması baxımından əhəmiyyətlidir".
Deputat vurğulayıb ki, Prezidentin çıxışında Azərbaycanın tranzit potensialı ilə bağlı səsləndirdiyi göstəricilər xüsusi diqqətə layiqdir:
"2026-cı ilin birinci yarısında ölkəmizdən keçən tranzit daşımalarının həcminin 10 faiz artaraq təxminən 8 milyon tona çatması Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyinin möhkəmləndiyini göstərir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların hər istiqamətdə orta müddətli perspektivdə 15 milyon tona çatdırılması hədəfi isə bu sahənin uzunmüddətli iqtisadi strategiyada mühüm yer tutduğunu təsdiqləyir".
Deputat qeyd edib ki, müasir nəqliyyat infrastrukturu Azərbaycanın yalnız coğrafi üstünlüklərindən istifadə etmədiyini, eyni zamanda bu üstünlükləri iqtisadi və geosiyasi imkanlara çevirməyə çalışdığını göstərir:
"Qlobal təchizat zəncirlərinin dəyişdiyi, alternativ marşrutlara tələbatın artdığı şəraitdə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi mövqeyinin güclənməsi xarici ticarət əlaqələrinin genişlənməsinə, logistika xidmətlərinin inkişafına və ölkənin beynəlxalq iqtisadi əhəmiyyətinin artmasına xidmət edir. Bununla belə, müəyyən edilmiş hədəflərə çatmaq üçün infrastrukturun davamlı modernləşdirilməsi, sərhəd-keçid prosedurlarının səmərəliliyinin artırılması və regional tərəfdaşlarla əlaqələndirmənin gücləndirilməsi vacibdir".
V.Qafarov əlavə edib ki, ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətində regional əməkdaşlıqla milli maraqların uzlaşdırılmasına əsaslanan xəttin davam etdiyini göstərir:
"Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi və beynəlxalq platformalarda fəallığın artırılması ölkənin regional mövqeyini gücləndirən amillərdir. Bu siyasətin əsas strateji məqsədi Azərbaycanın coğrafi mövqeyini dayanıqlı iqtisadi üstünlüyə çevirmək, tərəfdaşlıq əlaqələrini genişləndirmək və ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirməkdir".