Nazirlik rəsmisi: "Orta Dəhliz ilə yükdaşıma bu il 5,5 milyon tona çatacaq"
- 06 oktyabr, 2026
- 15:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə yükdaşımalar bu il 5,5 milyon tona çatacaq.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakıda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik konfransında bildirib.
"Proqnozlarımıza görə, cari ildə ümumi tranzit yük axını 16 milyon tonu ötəcək, bunun da 5,5 milyon tonu Orta Dəhlizin payına düşəcək", - F. Əliyev qeyd edib.
Onun sözlərinə görə, daşıma həcmlərinin artması bu marşrut üzrə konteyner qatarlarının sistemli şəkildə buraxılması, eləcə də regionda nəqliyyat infrastrukturunun intensiv şəkildə təkmilləşdirilməsi ilə əlaqədardır. Xüsusilə, ilin əvvəlindən Çindən 600-ə yaxın müntəzəm konteyner qatarı (blok qatarı) yola salınıb.
F. Əliyev qeyd edib ki, Azərbaycan strateji əhəmiyyətli logistika obyektlərinin yenilənməsi və potensialının artırılması üzrə kompleks işlər aparır. Bakı-Tbilisi-Qars dəmir yolu magistralının buraxılış qabiliyyəti illik 5 milyon tona çatdırılıb, Bakı Beynəlxalq Dəniz Limanının gücünün isə 2030-cu ilə qədər hazırkı 15 milyon tondan 25 milyon tona qədər artırılması planlaşdırılır.