Nazir müavini: "Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi aşağıdır"

İnfrastruktur
  • 22 may, 2026
  • 11:15
Nazir müavini: Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi aşağıdır
Sahib Ələkbərov

Azərbaycan və Tacikistan arasında qarşılıqlı ticarət dövriyyəsi ölkələrin iqtisadi imkanlarını və qarşılıqlı faydalı ticarət mübadiləsinin potensialını nəzərə alaraq hələlik nisbətən aşağı olaraq qalır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsi iki dəfə artaraq 8,5 milyon ABŞ dollarından çox təşkil edib: "Dövriyyənin əsas payı Azərbaycandan Tacikistana ixracın üzərinə düşür. Bu gün qarşılıqlı əlaqəmiz sənaye, kənd təsərrüfatı, ticarət, xidmətlər, nəqliyyat-logistika infrastrukturu, rəqəmsal həllər və kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə inkişaf edir".

S. Ələkbərov qeyd edib ki, sıra perspektiv istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı ilkin şərtlər mövcuddur: "Tikinti materiallarının istehsalı, alüminium sahəsi daxil olmaqla sənaye kooperasiyası, sənaye parkları və azad iqtisadi zonalar çərçivəsində qarşılıqlı əməkdaşlıq mümkündür. Həmçinin energetika və yeni texnologiyaların ayrı-ayrı istiqamətləri üzrə əməkdaşlıq etmək mümkündür. Ölkələrimiz bir-birini tamamlayan iqtisadi imkanlara malikdir".

O qeyd edib ki, bu baxımdan sənaye zonalarının inkişafı, sahibkarlığın dəstəklənməsi, ixracın təşviqi, dövlət və biznes xidmətlərinin sinxronlaşdırılması, həmçinin investisiya fəaliyyəti üçün şəraitin təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi maraq doğurur.