Narqis Vik: "Orta Dəhliz investisiya-sənaye əməkdaşlığı platforması olmalıdır"

İnfrastruktur
  • 06 oktyabr, 2026
  • 13:21
Narqis Vik: Orta Dəhliz investisiya-sənaye əməkdaşlığı platforması olmalıdır

Orta Dəhliz sadəcə tranzit marşrutu deyil, həm də Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında investisiyalar, sənaye əməkdaşlığı və daha dərin iqtisadi inteqrasiya platformasına çevrilməlidir.

"Report" xəbər verir ki, bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Narqis Vik brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz çərçivəsində xüsusi imkanlar nəqliyyat və logistika infrastrukturunun gələcək inkişafı, logistika proseslərinin rəqəmsallaşdırılması və enerji əlaqəliliyi ilə bağlıdır: "Almaniya şirkətləri üçün bunu mühəndislik, texnologiyalar, avadanlıq, rəqəmsal həllər, maliyyələşdirmə və layihələrin inkişafı kimi sahələrdə imkanlar kimi ifadə etmək olar".

N.Vik Azərbaycan və Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üçün "yaşıl enerji" dəhlizlərinin yaradılmasının əhəmiyyətli potensialını qeyd edib.

Onun sözlərinə görə, Almaniya və Azərbaycan möhkəm ticarət əlaqələrinə malikdir: "Biz Azərbaycan şirkətlərinin Almaniya və Avropa istehsal zəncirlərinin bir hissəsinə necə çevrilə biləcəyini, Almaniya şirkətlərinin isə Azərbaycanda əlavə dəyər yaradılmasında necə iştirak edəcəyini müzakirə etmək istərdik".

N.Vik həmçinin xatırladıb ki, iyulda Berlində "AHK Azerbaijan"ın iştirakı ilə dövlət orqanları, biznes və maliyyə institutları arasında dialoqu təmin etmək və birgə layihələrin konkret siyahısının formalaşmasına kömək etmək məqsədi daşıyan "İşgüzar məsləhət şurasının yaradılması" haqqında birgə bəyannamə imzalanıb: "Biz hazırkı impulsu konkret ikitərəfli layihələrə çevirməliyik. Bunun üçün uzunmüddətli işgüzar əməkdaşlıq lazımdır".