"Moody's" Orta Dəhlizin potensialının üzə çıxarılması üçün beş əsas vəzifəni açıqlayıb
- 12 sentyabr, 2025
- 13:56

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) öz potensialını reallaşdırması və Avrasiyanın rəqabətqabiliyyətli ticarət yoluna çevrilməsi üçün region ölkələri beş əsas vəzifələri həll etməlidir.
"Report" "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, nəzərəçarpan irəliləyişlərə baxmayaraq, marşrut onun səmərəliliyini məhdudlaşdıran ciddi struktur və siyasi-iqtisadi problemlərlə üzləşir.
Dünya Bankı və EBRD də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarına əsasən, kifayət qədər inkişaf etməmiş infrastruktur əsas maneə olaraq qalır. Dəhliz boyunca dəmir yolu şəbəkələrinin fəaliyyəti məhdud buraxılış qabiliyyəti, köhnəlmiş siqnalizasiya sistemləri və hərəkət tərkibinin çatışmazlığı ilə müşayiət olunur. İntermodal terminallar, quru limanları və anbarlar bir-biri və digər nəqliyyat növləri ilə zəif inteqrasiya olunub, bu da yüklərin yenidən yüklənməsi zamanı gecikmələrə və əlavə xərclərə səbəb olur.
"Moody's"in analitikləri hesab edirlər ki, Qazaxıstan və Azərbaycan limanları müasir avadanlıqların, rəqəmsal həllərin çatışmazlığından və ötürmə qabiliyyətinin məhdud olmasından əziyyət çəkir.
"Bu məhdudiyyətlər ölkələr arasında investisiya strategiyalarının əlaqələndirilməməsi və infrastruktur planlaşdırmasının uyğunlaşdırılmaması ilə daha da artır ki, bu da vahid multimodal nəqliyyat şəbəkəsinin yaradılmasına mane olur.
Gömrük prosedurlarının və tənzimləyici standartların müxtəlifliyi də ciddi maneə olaraq qalır, bu isə inzibati gecikmələrə, xərclərin artmasına və çatdırılma müddətlərinin qeyri-müəyyənliyinə səbəb olur", - hesabatda qeyd olunur.
Bundan əlavə, "Moody's" vurğulayır ki, marşrut Rusiya-Çin-Aİ münasibətlərində geosiyasi risklərə qarşı həssasdır. Gərginliyin artması tranzit həcmlərinin azalması, biznes etimadının sarsılması və qeyri-müəyyənliyin artması ilə nəticələnə bilər.
Analitiklərin fikrincə, maneələrin aradan qaldırılması üçün infrastruktura uzunmüddətli investisiya qoyuluşu və razılaşdırılmış strateji planlaşdırma, iştirakçı ölkələrin siyasi iradəsinə əsaslanan beynəlxalq əməkdaşlıq, gömrük prosedurlarının rəqəmsallaşdırılması və tranzit sənədləşməsinin unifikasiyası, regional əlaqələndirmə mexanizmlərinin yaradılması, həmçinin infrastrukturun inkişaf planlarının və normativ çərçivələrin razılaşdırılması vacibdir.
"Bu tədbirlərin vaxtında həyata keçirilməyəcəyi halda Orta Dəhliz daha aşağı xərclər, proqnozlaşdırıla bilən çatdırılma müddətləri və inkişaf etmiş infrastrukturu ilə fərqlənən marşrutlardan – Rusiyadan keçən Şimal Dəhlizi və Süveyş kanalından keçən dəniz marşrutlarından geri qalma riski ilə üzləşir. Əks halda, Orta Dəhliz Avrasiya ticarət marşrutu kimi strateji əhəmiyyətini itirərək bahalı və səmərəsiz variant olaraq qala bilər", - "Moody's"in analitikləri hesab edirlər.