Mərkəzi Asiyadan yüklərin Orta Dəhliz üzrə daşınması imkanları qiymətləndirilib
- 17 avqust, 2023
- 17:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Mərkəzi Asiya ölkələrinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz, TBNM) çərçivəsində regional əlavə dəyər zəncirində iştirak imkanlarını qiymətləndirib.
“Report” EBRD-nin araşdırmasına istinadən xəbər verir ki, iki səviyyəli əhatə dairəsi - 300 km şimala və cənuba - olması səbəbindən Orta Dəhliz Mərkəzi Asiyanın bütün əsas iqtisadi və əhali mərkəzlərini əhatə edir və əsas nəqliyyat şəbəkələri vasitəsilə region daxilində və Avropa ilə əlaqəni təmin edir.
“Bu marşrut gələcək inkişaf üçün ən böyük potensiala malik olanıdır, çünki o, təkcə nəqliyyat şəbəkəsini inkişaf etdirməyə imkan vermir, həm də Mərkəzi Asiyada regional inkişafı dəstəkləyə bilər”, - tədqiqatda deyilir.
EBRD-nin məlumatına görə, Qazaxıstanda ümumi ixracda qeyri-daxili və qeyri-regional əlavə dəyərin ən böyük payına malik iki sektor var: ağac və kağız, həmçinin neft məhsulları və kimya məhsulları (müvafiq olaraq 30 % və 25 %). Dəhlizin əhatə dairəsində yerləşən “Taraz” xüsusi iqtisadi zonası (XİZ) ölkənin qlobal dəyər zəncirlərinə inteqrasiyası üçün perspektivli istiqamət olan yeni kimyəvi maddələrin istehsalına yönəlib. Qazaxıstanın Xəzər dənizinə iki çıxışından biri olan Aktau dəniz limanı və onunla bağlı XİZ ümumi ixrac, eləcə də neft məhsullarının ixracı üçün vacibdir.
“Orta Dəhlizin inkişafı iqtisadi inkişafda mühüm rol oynaya bilər, çünki ölkənin 13 XİZ-indən 7-si, o cümlədən tekstil emalı və neft-kimya (Ontustik), turizm və qarışıq istehsala (Türküstan) yönəlmiş XİZ-lər və informasiya texnologiyalarının inkişafı (Almatıdakı İnnovativ Texnologiyalar Parkı) dəhlizin əsas əhatə dairəsindədir”, - araşdırmada deyilir.
EBRD hesab edir ki, kiçik iqtisadiyyatına baxmayaraq, Qırğızıstan regional və qlobal dəyər zəncirlərinə ən yüksək inteqrasiya dərəcəsinə malikdir. Bu, əsasən ölkədə nisbətən daha liberal ticarət rejimi ilə bağlıdır. Ümumi ixracda xarici əlavə dəyərin payı topdansatış ticarəti üçün 55 %-ə çatır ki, bu da dəyər zəncirlərinə güclü inteqrasiyanın göstəricisidir. Bundan əlavə, tikinti, maliyyə və mehmanxana biznesi kimi ixrac xidmətləri xarici dəyərin 20-30 %-ni təşkil edir və bu, gələcək inteqrasiya üçün müəyyən imkanlar yaradır.
Qırğızıstanda sənaye istehsalının həcminə görə ilk üçlüyə Çuy, İssık-Kul və Cəlalabad vilayətləri daxildir ki, onların hamısı dəhlizin əhatə dairəsindədir. Bu baxımdan Orta Dəhlizin inkişafı Luqavoya-Almatı və Oş-Əndican dəmir yolu əlaqələrinin təkmilləşdirilməsi yolu ilə Qazaxıstan və Özbəkistanın şəbəkələri ilə əlaqələrin yaxşılaşdırılması təqdirində Qırğızıstana iqtisadiyyatın diversifikasiyası və inkişafını təşviq etmək imkanı verir. Bundan əlavə, multimodal yanaşmanın işlənib hazırlanması böyük istehsal mərkəzlərində səmərəli saxlama, çeşidləmə və paylama fəaliyyətinin inkişafına kömək edəcək.
Araşdırmaya əsasən, Tacikistanda qlobal və regional dəyər zəncirlərinə inteqrasiya çox məhduddur və ən yaxşı fəaliyyət göstərən sektorların təxminən 5 %-ni təşkil edir. “Bu həm də əsas sahələri alüminium emalı və kimya istehsalı olan ölkədə sənaye istehsalının nisbətən aşağı səviyyəsinin təzahürüdür. İqtisadiyyat üçün ağır sənaye ilə yanaşı, kənd təsərrüfatı da vacibdir”, - EBRD hesab edir.
Tacikistanın aparıcı istehsal şirkətləri, bir qayda olaraq, ölkənin qərb hissəsində yerləşir, Düşənbənin ən böyük şirkətləri isə TBNM-in əhatə dairəsindədir. Bu şəhər şərqdən qərbə Özbəkistan və ölkənin qalan hissəsi ilə avtomobil və dəmir yolu infrastrukturu ilə bağlıdır. Özbəkistanla dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi, dəmir yolu şəbəkəsində sürətin artırlmasına investisiyalar və gömrük xidmətlərinin təkmilləşdirilməsi tranzaksiya xərclərini azaldacaq və transsərhəd istehsal zəncirlərinə inteqrasiyanı asanlaşdıracaq.
Araşdırma müəlliflərinin fikrincə, Türkmənistanda qeyri-neft-qaz ixracı ümumi ticarət strukturunun çox kiçik bir hissəsini təşkil edir. “Bununla belə, kiçik həcmlərə baxmayaraq, nəqliyyat avadanlığı, elektrotexniki və maşınqayırma malları və kənd təsərrüfatı qlobal və regional dəyər zəncirlərinə əlavə inteqrasiya üçün imkanlar təklif edə biləcək əsas sektorlardır, çünki bu malların ixracında bir qədər yüksək qeyri-daxili əlavə dəyər müşahidə oluna bilər. Türkmənistanda əsas sənaye sahələri pambıqçılıq, emal, kimya və tikinti sahələri, o cümlədən Balkan, Lebap və Aşqabad vilayətlərində yerləşən sement zavodlarıdır. EBRD hesab edir ki, bu regionlar TBNM-in birbaşa əhatə dairəsindən kənarda olsalar da, əsas nəqliyyat əlaqələrini təkmilləşdirməklə ölkənin Mərkəzi Asiyadakı qonşuları ilə maneəsiz əlaqəsinin təmin edilməsi əsas iqtisadi istehsalçıların regional dəyər zəncirlərinə inteqrasiyasına kömək edəcək.
Bank analitiklərinin fikrincə, Özbəkistan qlobal dəyər zəncirləri baxımından Mərkəzi Asiyada ən az inteqrasiya olunmuş ölkə olub.
“Lakin bunun son liberallaşma səyləri fonunda dəyişəcəyi gözlənilir. Ən böyük sənaye istehsalçıları Daşkənd (o cümlədən Daşkənd şəhəri), Əndican və Nəvai vilayətlərində yerləşir və onların hamısı TBNM-in əhatə dairəsindədir”, - araşdırmada qeyd olunur.
Daşkənd vilayətində aparıcı sənaye sahələri kənd təsərrüfatı, energetika, dağ-mədən sənayesi, metallurgiya, gübrə, kimyəvi məhsullar istehsalı, elektronika, toxuculuq, pambıq emalı, qida və ayaqqabı sənayesidir. Region və paytaxt dəmir yolu və avtomobil yolu infrastrukturu ilə yaxşı əhatəlidir. Nəvai vilayəti əhəmiyyətli təbii qaz, neft, metal, tikinti materialları və qızıl hasilatı olan dağ-mədən sənayesi bölgəsidir. Ölkənin ən şərq hissəsində yerləşən, Qırğızıstanla həmsərhəd olan Əndican vilayəti neft, təbii qaz, metal emalı, kimya sənayesi, yüngül sənaye, qida sənayesi və kənd təsərrüfatı baxımından Özbəkistanın üçüncü regionudur.
“Müxtəlif istehsal modelləri, habelə yerli və beynəlxalq əlaqələr sayəsində strukturlaşdırılmış multimodal və intermodal yanaşma ilə birlikdə aktivlərin daha da genişləndirilməsi və şəbəkənin bərpası ölkənin regional və qlobal dəyər zəncirlərinə inteqrasiyasına töhfə verəcək”, - EBRD-dən bildiriblər.