Mərakeş rəsmisi: "Bu gün şəhərlər getdikcə daha mürəkkəb risklərlə üzləşir"

İnfrastruktur
  • 19 may, 2026
  • 11:44
Mərakeş rəsmisi: Bu gün şəhərlər getdikcə daha mürəkkəb risklərlə üzləşir

Bu gün şəhərlər daşqınlar, sürüşmələr və ekstremal iqlim hadisələri də daxil olmaqla getdikcə daha mürəkkəb risklərlə üzləşirlər.

"Report" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Peşəkarlarla Əlaqələr Bölməsinin rəhbəri İlyas Essabai Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib.

Onun sözlərinə görə, bu çətinliklər adaptasiya (uyğunlaşma) və profilaktikanı daha yaxşı inteqrasiya etmək üçün şəhərsalma və mənzil təminatına ənənəvi yanaşmalarımıza yenidən baxmağı tələb edir: "​Bu kontekst daxilində, biz adaptasiya - yəni mənzil sektorunun iqlim dəyişikliyinə uyğunlaşdırılması üzrə strukturlaşdırılmış müzakirələrə başlamışıq və iqlim həssaslıqları ilə risklərin qiymətləndirilməsi şəhər və yaşayış sahələrinə təsir edən əsas təhlükələri müəyyən etməyə imkan yaradıb. ​Bu qiymətləndirmə, həm tikili mühitin, həm də icmaların dözümlülüyünü gücləndirməyi hədəflədiyimiz mənzil sektorunun adaptasiya planının əsasını təşkil edir. Plan bir neçə strateji sütun ətrafında qurulub, onların arasında mənzil dözümlülüyünün gücləndirilməsi, idarəetmənin möhkəmləndirilməsi və maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi, həmçinin təlim və maarifləndirmə vasitəsilə potensialın genişləndirilməsi və dayanıqlı maliyyələşdirmə mexanizmlərinin təşviqi yer alır".

"​Bu plan, həmçinin innovasiya, tədqiqat və inkişaf, texnologiya transferi və beynəlxalq əməkdaşlığa böyük üstünlük verir. Əməliyyat səviyyəsində isə plan yağış sularının idarə edilməsinin təkmilləşdirilməsi, binaların iqlim risklərinə uyğunlaşdırılması, risk altında olan ərazilərdə urbanizasiyanın (şəhərləşmənin) məhdudlaşdırılması, həmçinin yaşıl infrastrukturun şəhər ərazilərinə inteqrasiya edilməsi kimi konkret yanaşmaları təşviq edir".