Mərakeş rəsmisi: "Afrika Regional Platforması bölgədə əməkdaşlığı gücləndirəcək"

İnfrastruktur
  • 22 may, 2026
  • 11:16
Mərakeş rəsmisi: Afrika Regional Platforması bölgədə əməkdaşlığı gücləndirəcək

Mərakeşin təşəbbüsü ilə həyata keçirilən Afrika Regional Platforması regional əməkdaşlığı gücləndirəcək.

"Report" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyi yanında Milli Mənzil Şurasının baş katibi Fatna Şihab Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Platforma BMT-Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir: "Mərakeşin çoxsaylı qardaş ölkələrlə paylaşdığı güclü tərəfləri kapitallaşdırmaq və məhdudiyyətləri aşmaq üçün Yeni Şəhərsalma Gündəliyi üzrə bu platformanı icra edir. Bu platforma əslində regional əməkdaşlığı gücləndirmək, bilik mübadiləsi aparmaq, monitorinq və hesabatlılıq prosesində milli və yerli aktorlara dəstək verməklə Afrika qitəsində Yeni Şəhərsalma Gündəliyinin icrasını sürətləndirməyi hədəfləyir".

Qonaq əlavə edib ki, bu platforma regional müşahidə mərkəzi və əməkdaşlıq qovşağı kimi nəzərdə tutulub: "Çoxdilli rəqəmsal platforma ilə dəstəklənən bu təşəbbüs hesabatlılıq alətlərini uyğunlaşdırmağa, sürətli urbanizasiya dinamikasına və Afrika şəhərlərinin reallıqlarına uyğun ümumi hesabat çərçivələri və göstəricilər yaratmağa imkan verəcək. O, həmçinin ərazi mühəndisliyini gücləndirməyə və perspektivli məlumat mədəniyyətinin bütün yerli səviyyələrə nüfuz etməsi üçün təlim mərkəzi təklif etməyə imkan verəcək. Bu platforma həllərin birgə işlənib hazırlanmasına, Afrikanı konkret həllərin və qabaqcıl təcrübələrin katalizatoruna çevirməyə şərait yaradacaq. Bura gecəqonduların idarə olunması, layiqli mənzil üçün maliyyələşmə, iqlimə davamlılıq, rəqəmsallaşma və s. kimi təcrübə mübadilələri daxildir".