Mavrikinin keçmiş prezidenti: "Pulsuz səhiyyə və dayanıqlı mənzil xəstəlikləri azaldıb"
- 19 may, 2026
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Mavrikidə pulsuz səhiyyə və dayanıqlı mənzil xəstəlikləri azaldıb.
"Report" xəbər verir ki, bunu Mavrikinin keçmiş Prezidenti Ameenah Gurib-Fakim Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
"1968-ci ildə müstəqillik qazandığımız vaxtdan bəri səhiyyə ölkə üçün prioritet, insanlara qoyulan investisiya kimi qəbul edilib. O, heç vaxt xərc sayılmayıb, hamı üçün pulsuz olub və hazırda hər kəsin ilkin səhiyyə xidmətlərinə pulsuz çıxışı var. Əlbəttə ki, insanların xidmətindən yararlana biləcəyi özəl sektor da mövcuddur, lakin hər halda, həssas təbəqədən olan insanlar dövlət səhiyyə xidmətlərinə rahatlıqla əl yetirə bilirlər. Beləliklə, bu imkan yaradıldıqda, biz yoluxucu xəstəliklərdə, eləcə də bizim məkana təsir edən bəzi kiçik hesab etdiyimiz xəstəliklərdə kəskin azalma müşahidə etdik", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, Mavriki tropik bölgədə yerləşir, hər il siklonlara məruz qalır: "Maraqlıdır ki, ən böyük siklonlardan biri 1960-cı ildə baş verib. Və o vaxtdan bəri deyə bilərəm ki, biz hadisələri qabaqlamışıq və tikinti sahəsindəki transformasiya məhz həmin dövrdən bəri baş verib. Beləliklə, bu proses başlayandan bəri biz iqlimə qarşı daha davamlı olduq. Bu iki xüsusiyyət bir araya gəldikdə, yoluxma baxımından bir çox xəstəliklərdə azalma gördük, transmissiya (gənə, ağcaqanad və s. vasitəsilə keçən) yolu ilə keçən xəstəliklər əhəmiyyətli dərəcədə azaldı. Beləliklə, biz bu iki sütun vasitəsilə hamı üçün bir ev, bir məkan yarada bildik ki, bura da əlbəttə ki, ən azından minimal səviyyədə olan səhiyyə və ev təhlükəsizliyi daxildir. Bununla belə, hər şey 100 % mükəmməl deyil. Hələ də həssas vəziyyətdə olan insanlar var və mən vəzifədə olarkən bunu şəxsən gördüm; çox güclü daşqınlar baş verəndə, xüsusilə övladları üçün bir sığınacaq üçün çırpınan çarəsiz anaları görürsünüz. Beləliklə, çətinliklərimiz hələ də qalmaqdadır, lakin düşünürəm ki, məhz öz məkanımızda insanlarımıza investisiya qoyaraq bəzi həll yollarını tapa bilmişik".