Lu Mey: "Orta Dəhlizlə Çin-Avropa ekspress marşrutunun işə salınması daşımalarda artıma təkan verib"
- 22 sentyabr, 2025
- 13:56

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) ilə Çin-Avropa ekspres marşrutunun işə salınması daşımaların həcmində əhəmiyyətli artıma səbəb olub.
"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Diplomat qeyd edib ki, bu marşrut Asiya və Avropanı birləşdirərək regionda logistika və nəqliyyat sahəsində mühüm rol oynayıb: "Bütün ölkələr bundan faydalanır və bu, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq üçün gözəl nümunədir".
Təşəbbüsün əhəmiyyətindən danışan L.Mey Azərbaycanın bu təşəbbüsdə fəal iştirak etdiyini vurğulayıb.
"Azərbaycan bu təşəbbüsdə Çin sədri Si Cinpinin onu irəli sürdüyü vaxtdan etibarən iştirak edir və bu istiqamətdə birgə iş yüksək səviyyədə inkişaf edir. Əməkdaşlıq birgə planlaşdırma, tikinti və fayda əldə etmə prinsiplərinə əsaslanır. Bunun sayəsində Çin öz qapılarını dünyaya daha geniş açır, bütün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bu təşəbbüsdə fəal iştirak edir", - diplomat bildirib.
Səfir əlavə edib ki, Çin tərəfdaşları ilə birlikdə regionda dəmir yolu əlaqələrinin möhkəmləndirilməsi, Orta Dəhlizin, həmçinin Çin - Qırğızıstan - Özbəkistan kimi digər dəmir yolu şəbəkələrinin inkişafı üzərində işləyir.