Latviya şirkətləri Zəngəzur dəhlizinin Baltik dənizinə qədər genişləndirilməsini istəyir - EKSKLÜZİV

İnfrastruktur
  • 21 oktyabr, 2025
  • 16:09
Latviya şirkətləri Zəngəzur dəhlizinin Baltik dənizinə qədər genişləndirilməsini istəyir - EKSKLÜZİV

Zəngəzur dəhlizi Şərqlə Avropa arasında tranzit və logistika əlaqələrinin inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Bunu "Report"a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib.

Diplomatın sözlərinə görə, Latviya Azərbaycan və Ermənistan arasında sülh prosesindəki müsbət irəliləyişləri alqışlayır və Vaşinqton razılaşmasının imzalanmasını dəstəkləyir.

"Zəngəzur dəhlizi Şərqdən Avropaya, eləcə də əks istiqamətdə tranzitin və logistikanın inkişafında mühüm rol oynayır. Bu, böyük nailiyyət olacaq. Bizim şirkətlər marşrutun Baltik dənizi limanları istiqamətində genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər. Hələlik konkret layihələr yoxdur, amma bu təşəbbüsün miqyası özü heyranlıq doğrur", - E.Skuya qeyd edib.

Səfir xatırladıb ki, Latviya hazırda TRASEKA-da (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) müşahidəçi statusundadır: "Bu ilk addımdır. Biz artıq əməkdaşlığımızı necə genişləndirə biləcəyimizi düşünürük. Təəssüf ki, hələ konkret layihələr sadalaya bilmərəm. Amma əminəm ki, bu genişlənmə həm Latviya, həm də digər Baltik ölkələrinə fayda gətirəcək".

Diplomat, həmçinin qeyd edib ki, Latviya danışıqlar prosesini, beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-nin iştirakını dəstəkləyir və Azərbaycanda sabitlik amili kimi görür: "İqtisadiyyatın, o cümlədən nəqliyyatın və logistikanın inkişafı digər məsələlərin həlli və regionda sülhün möhkəmləndirilməsi üçün zəmin yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti