Kürdəmirin mərkəzi küçəsinin mövsümi "qonaqları": yayda üfunət, qışda sel suları - REPORTAJ
- 03 noyabr, 2022
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsinin kanalizasiya xətləri bərbad vəziyyətdədir. Xətlərin acınacaqlı durumda olması ərazidə antisanitariya şəraitinin və natəmizliyin yaranmasına, eləcə də küçədə hərəkətin çətinliyinə gətirib çıxarıb.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna müraciət edən sakinlər bildiriblər ki, artıq illərdir kanalizasiya xətləri bu vəziyyətdədir.
Xətlərin yararsız olmasından təngə gəldiyini deyən yerli camaatın arzu və istəklərindən biri də bu problemin aradan qaldırılmasıdır. Onların sözlərinə görə, xətlərin vaxtında təmir və ya bərpa olunmaması səbəbindən ərazidə hökm sürən antisanitar vəziyyətlə yaşamaq məcburiyyətində qalıblar.
Sakinlər deyir ki, hər dəfə yağış yağanda kanalizasiya xətti su ilə dolur və həyətlər suya qərq olur, beləliklə küçədə hərəkət etmək çətinləşir. Burada yığılan yağış sularını isə sakinlər hər dəfə müxtəlif texnikalarla çəkdirib ərazini qurudurlar: "Burada yay aylarında, əsasən, üfunət qoxusundan dayanmaq mümkün deyil. Qış aylarında isə sudan və palçıqdan keçmək mümkün olmur. Bundan əlavə, övladlarımızı məktəbə aparıb-gətirmək bizim üçün əsl əziyyətə çevrilib. Qışda küçədə uşaqlar tək hərəkət edə bilmirlər, çünki küçə keçilməz olur. Ona görə də məcbur olub uşaqları müəyyən yerə qədər qucağımızda aparırıq".
Sakinlər bildirib ki, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, əməli olaraq heç bir addım atılmayıb və bu günə kimi bununla bağlı heç bir əməli iş görülməyib.
"Azərsu" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Kürdəmir Sukanal Sahəsinin rəisi Arzu Şahbazov "Report"un yerli bürosuna bildirib ki, sözügedən küçənin kanalizasiya problemindən xəbərdardır. Onun sözlərinə görə, hazırda rayon əhalisinin sayı bir neçə dəfə artdığından küçələrdə bu kimi çətinliklər yaranır:
"Kürdəmirdə su və kanalizasiya xətlərinin 2011-2013-cü illərdə dövlət proqramına uyğun olaraq eyni vaxtı çəkilməsinə başlanılıb. Həmin müddətdə su xətti çəkilib yekunlaşsa da, kanalizasiya xətlərinin çəkilməsi işləri yarımçıq qalıb. Bu səbəbdən rayonun bəzi küçələrində mövcud vəziyyət yaşanmaqdadır. Bunun aradan qaldırılması üçün yarımçıq qalmış kanalizasiya xətlərinin çəkilməsi işləri dövlət proqramına salınıb və növbəti illərdə bu məsələ köklü şəkildə həllini tapacaq".
Qeyd edək ki, şəhərin mərkəzi Hacı Zeynalabdin Tağıyev küçəsindəə 40-a yaxın ev yerləşir və ümumilikdə burada 200-dən çox insan yaşayır. Küçənin kanalizasiya sistemi 1979-ci ildə iməclik yolu ilə o dövrün tələblərinə uyğun inşa edilib. Lakin zaman-zaman həmin xəttin üzərində tikilən evlərin sayı artdığından kanalizasiya xətti tamamilə sıradan çıxıb.
Xatırladaq ki, daha əvvəl şəhərin Xanlar Səfərəliyev, Mirzağa Əliyev və Məhəmməd Hadi küçələrinin də kanalizasiya xətlərinin bərbad vəziyyətə düşməsi ilə bağlı məlumat vermişdik.