Kristian Roder: "Orta Dəhliz etibarlı alternativlər üzrə şəbəkənin yaradılmasına yönəlib"

İnfrastruktur
  • 09 sentyabr, 2026
  • 14:38
Kristian Roder: Orta Dəhliz etibarlı alternativlər üzrə şəbəkənin yaradılmasına yönəlib

Orta Dəhlizin vəzifəsi digər marşrutları sıxışdırıb çıxarmaq deyil, etibarlı logistik alternativlər sistemini formalaşdırmaqdır.

"Report" xəbər verir ki, bunu Gürcüstanda "APM Terminals Poti"nin icraçı direktoru Kristian Roder (Christian Roeder) Bakıda "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Orta Dəhlizi, Qafqaz regionunu, Mərkəzi Asiyanı və multimodal bağlantını müzakirə edərkən nəzərə almaq lazımdır ki, heç kim qarşısına bir marşrutu digəri ilə əvəz etmək vəzifəsini qoymur. Bizim vəzifəmiz etibarlı alternativ yollar sistemi qurmaqdır. Nəqliyyat dəhlizləri bir-biri ilə rəqabət aparmalıdır, çünki məhz rəqabət tərəqqinin hərəkətverici qüvvəsinə çevrilir. Eyni zamanda, onlar bir-birini qarşılıqlı şəkildə tamamlamağa xidmət edir, çünki dayanıqlıq variantların müxtəlifliyinə əsaslanır. Marşrut hər gün sürət və ya dəyər baxımından lider olmaq məcburiyyətində deyil. Lakin əgər o, qiymət və ya sürətdə uduzursa, bunu sabitlik, proqnozlaşdırılabilənlik və bazar iştirakçıları tərəfindən inamla kompensasiya etməlidir. Biznes müddətlərə və tariflərə uyğunlaşmağı bacarır, lakin gözlənilməz hallar qarşısında acizdir. Biz dəfələrlə təcrübədə bunun şahidi olmuşuq", - K.Roder vurğulayıb.

O qeyd edib ki, Orta Dəhliz regionun tarixi və coğrafi xüsusiyyətləri ilə şərtlənir: "Orta Dəhliz yeni bir konsepsiya deyil, tarixən formalaşmış reallığın müasir formada davamıdır. Ticarət və mədəniyyət axınları bütün dövrlərdə bu yoldan keçib. Bu gün qarşımızda duran əsas sual budur: biz rəqabətqabiliyyətlilik, etibarlılıq və proqnozlaşdırıla bilənlik baxımından elə bir səviyyə təmin edə biləcəyikmi ki, biznesin məhz bu marşrutun xeyrinə şüurlu şəkildə seçim etsin?".