Beynəlxalq təşkilatlar və diplomatlar WUF13-ə hazırlıq və fəaliyyət planları barədə məlumatlandırılıb
- 25 noyabr, 2025
- 20:07
Noyabrın 25-də Nayrobidə akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri üçün brifinq keçirilib.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, iştirakçılara 17-22 may 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri və ümumi fəaliyyət planı barədə məlumat verilib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası ilə paralel keçirilən bu brifinqin məqsədi diplomatik korpuslar, Azərbaycan Hökuməti və UN-Habitat arasında həm WUF13, həm də onun proqnozlaşdırılan nəticələrinə dəstək göstərmək məqsədilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Azərbaycanın Respublikasının Keniya və Konqoda fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi Sultan Hacıyevin moderatorluğu ilə keçirilən brifinq zamanı UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev həm Forumda fəal iştirak, həm də milli və institusional tərəfdaşların səfərbər olunmasına dəstək göstərilməsi ilə bağlı çağırış ediblər.
Anar Quliyev prosesdə tərəflərin əməkdaşlıqda iştirakının önəmini qeyd edib, həmkarlarını 2026-cı ildə Bakıda keçiriləcək qlobal şəhərsalma tədbirində şəhər sakinlərinin həyatını yaxşılaşdıracaq həllərin hazırlanmasında fəal iştiraka çağırıb.