Kazuko İşiqaki: "Dünyada istehsal və tədarük zəncirinə yenidən baxılmalıdır"

İnfrastruktur
  • 20 may, 2026
  • 16:07
Kazuko İşiqaki: Dünyada istehsal və tədarük zəncirinə yenidən baxılmalıdır

Dünyada istehsal və tədarük zəncirinə yenidən baxılmalıdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean regionu üzrə Regional Ofisinin Direktoru Kazuko İşiqaki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövrənin qapanması: tullantıların idarə edilməsinin iqtisadi təsiri" adlı tədbirdə deyib.

K. İşiqaki dünyada ekoloji dayanıqlılığın təmin edilməsi üçün istehsal və tədarük zəncirinə yenidən baxılmasının vacibliyini qeyd edib: "Qlobal miqyasda ənənəvi tullantıların idarə edilməsi yanaşmalarından daha irəliyə getmək, daha inteqrasiya olunmuş və innovativ həll yollarını araşdırmaq üçün artan səylərin şahidi oluruq. Bura dövri sistemlərə keçid, istehsal sistemlərinin və tədarük zəncirinin yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, həmçinin iqlimə təsirlərin qiymətləndirilməsi və heç bir icmanın, xüsusən də həssas vəziyyətdə olanların diqqətdən kənarda qalmamasının təmin edilməsi daxildir".

O, Asiya-Sakit Okean regionunda tullantılarının yaratdığı fəsadlara və ekoloji risklərə toxunub: "Ofisimin dəstək verdiyi Asiya-Sakit Okean regionunda bərk məişət tullantıları regionun ən sürətlə böyüyən ekoloji problemlərindən birinə çevrilib və bu cür tullantıların okeana axması dənizlərin plastiklə çirklənməsi böhranına səbəb olur. Bərk tullantıların idarə edilməsi insanların sağlamlığını və bütövlükdə ekosistemi qorumaq üçün təxirəsalınmaz bir çağırışdır".

O qeyd edib ki, bir çox şəhər və ölkələrdə əsaslı və effektiv tullantıların idarə edilməsi sistemlərinin qurulmasına dəstək fəaliyyətləri ilə bağlı tez-tez ciddi müraciətlər eşidir: "Tullantıların idarə edilməsi həqiqətən də vacibdir, lakin biz tullantıların artmasının kökündə duran səbəbləri də aradan qaldırmalıyıq. Yeni istehsal sistemləri və yeni həyat tərzləri layihələndirməklə tullantıları azaltmalı, onlardan təkrar istifadə etməli və onları təkrar emala cəlb etməliyik. Dövri iqtisadiyyat konsepsiyası fundamental bir paradiqma dəyişikliyidir".