Acı təcrübələr göstərir ki, qətnamələrin qəbul olunması yetərli deyil - rəy

Daxili siyasət
  • 16 oktyabr, 2026
  • 16:10
Acı təcrübələr göstərir ki, qətnamələrin qəbul olunması yetərli deyil - rəy

Acı təcrübələr göstərir ki, qətnamələrin qəbul olunması yetərli deyil.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illər müharibə və münaqişədən əziyyət çəkən ölkə olub:

"Təəssüf ki, otuz il ərzində BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələri icra olunmadı, yerinə yetirilmədi. Yəni torpaqlarımız işğal olunduğu, təcavüzkarlar ərazilərimizi işğal etdiyi halda, BMT-nin dörd qətnaməsi uzun illər beynəlxalq təşkilatların masaları üzərində kağız parçası olaraq qaldı. Amma Azərbaycanın haqq işinə səs verilmədi. Əksinə, bizə qarşı təxribatlar, ikili standartlar və qərəz nümayiş etdirildi".

Ceyhun Məmmədov
C. Məmmədovun bütün bunların ciddi suallar yaratdığını qeyd edib: "Cənab Prezident hər zaman olduğu kimi, çox vacib bir məsələni gündəmə gətirir: yaxşı, beynəlxalq təşkilatlar qətnamələr qəbul edir, bu qətnamələr irəli sürülür, bəs onların icra mexanizmləri barədə niyə heç kim düşünmür? Sanki bəzi beynəlxalq təşkilatlar düşünürlər ki, əsas odur qətnamə qəbul edilsin və bu, artıq kifayətdir. Lakin acı təcrübə göstərir ki, qətnamənin qəbul olunması yetərli deyil".

"Birmənalı olaraq, bu cür sənədlərin icra mexanizmləri müəyyənləşdirilməli və onların həyata keçirilməsi yolları olmalıdır. Biz də buna uyğun addımlar atmalı, siyasətimizi həmin mexanizmlərə əsasən həyata keçirməliyik. Əks halda, hər il haradasa müharibə, münaqişə baş verəcək, qətnamə qəbul olunacaq, amma onun icra mexanizmi olmayacaq",- deputat əlavə edib.