İspaniyalı ekspert: "Mövcud şəhər məhəllələrinin yenilənməsi genişlənmədən daha dayanıqlıdır"

İnfrastruktur
  • 22 may, 2026
  • 10:45
İspaniyalı ekspert: Mövcud şəhər məhəllələrinin yenilənməsi genişlənmədən daha dayanıqlıdır

Şəhərlərin inkişafında planlaşdırma, idarəetmə və maliyyələşdirmə mexanizmləri əsas rol oynayır.

"Report" xəbər verir ki, bunu İspaniyanın Kataloniya Hökumətinin Ərazi, Mənzil və Ekoloji Keçid Departamentində Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elizabet Cirici Amiell Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, hökumətlər şəhər inkişafında iki fərqli yanaşma seçə bilər: mövcud şəhərin yenilənməsi və ya şəhərin yeni ərazilər hesabına genişləndirilməsi: "Bəzən şəhərin genişləndirilməsi daha asan və iqtisadi baxımdan sərfəli görünür. Lakin bu yanaşma daha dayanıqsız hesab olunur. Mövcud şəhər məhəllələrinin yenilənməsi bir çox hallarda köhnəlmiş yaşayış fondunun, tikinti problemlərinin və ya ərazilərin funksional təyinatının dəyişdirilməsi zərurətindən yaranır. Sənaye zonalarının yaşayış ərazilərinə çevrilməsi şəhərlərin daha səmərəli sıxlaşdırılmasına və mənzil ehtiyacının daha sürətli qarşılanmasına imkan yarada bilər".

Qeyd edib ki, urbanizasiya və şəhər yenilənməsi yalnız fiziki dəyişikliklə məhdudlaşmamalıdır: "Şəhər regenerasiyası sosial, iqtisadi və icma transformasiyası ilə birlikdə həyata keçirilməlidir. Əks halda bu proses uğurlu olmayacaq. Şəhər transformasiyası yalnız torpaq dəyərinin artırılmasına yönəldikdə əks nəticələr ortaya çıxır. Belə hallarda əhalinin sıxışdırılması, sosial parçalanma və segregasiya kimi problemlər yaranır".