“İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları" təsdiqlənib

İnfrastruktur
  • 24 fevral, 2025
  • 12:58
“İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları təsdiqlənib
Anar Quliyev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nı təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı Kollegiyanın və Komitənin sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərarla müəyyənləşən normalar bina və qurğuların inşaat konstruksiyalarının (beton, dəmir-beton, polad, alüminium, ağac, daş və xrizotilsement) mənfi 50-dən müsbət 50°С-yə qədər temperatura malik olan aqressiv mühitlərin təsirindən mühafizəsinin layihələndirilməsinə şamil olunacaq.

Bu normalar inşaat konstruksiyalarının radioaktiv maddələrin təsiri nəticəsində baş verən korroziyadan mühafizəsinə, eləcə də xüsusi betonlardan konstruksiyaların layihələndirilməsinə (polimerbeton, turşuya-dayanıqlı, istiyədavamlı betonlar) şamil olunmayacaq.

Bina və qurğuların yenidən qurulmasının layihələndirilməsi zamanı, yeni istismar şəraitlərində mühitin aqressivliyinin növü və dərəcəsi nəzərə alınmaqla konstruksiyaların və qoruyucu örtüklərin korroziyaya uğrama vəziyyətinin təhlili nəzərə alınmalıdır.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.