İmişlinin yeddi kəndində içməyə və əkin sahələrini suvarmağa su tapılmır
- 07 avqust, 2026
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişli rayonunun Nurulu, Mirili, Muradalılı, Mürsəlli, Qaralar, Bəcirəvan və Şəmmədli kəndləri bu yay mövsümündə də hər il yaşadıqları su qıtlığı ilə üzləşiblər.
Bu barədə "Report"un Muğan bürosuna adları çəkilən kəndlərin sakinləri məlumat verib.
Onların sözlərinə görə, yay mövsümünün lap əvvəlində bu kəndlərin əhalisinin istifadə etdiyi suvarma kanallarında suyun tamamilə kəsilməsi ucbatından həyətyanı sahələri, bağları və əkin sahələrini suvarmaq mümkün olmur.
Eyni zamanda, bu kəndlərin əhalisinin içməli su ilə təmin olunmasında və heyvanların suvarılmasında da ciddi çətinliklər yaranıb. Sakinlər içməli suyu pulla almağa məcbur olduqlarını, bunun isə ailə büdcələrinə əlavə yük yaratdığını deyiblər.
Problemlə bağlı İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda suvarma mövsümü olduğu üçün suya tələbat xeyli artıb:
"Hazırda kanallara su növbəlilik əsasında verilir. Belə ki, Bəcirəvan, Mirili və Qaralar kəndlərinə artıq suyun verilişi bərpa olunub. Nurulu, Muradalılı, Mürsəlli və Şəmmədli kəndlərinə isə sabah səhər saatlarından suyun verilişi təmin ediləcək".