İlqar İsbatov: "Qarabağ və Şərqi Zəngəzurda 13,5 min kvadrat kilometr ərazidə tikinti-quruculuq işləri aparılır"

İnfrastruktur
  • 14 oktyabr, 2025
  • 11:11
İlqar İsbatov: Qarabağ və Şərqi Zəngəzurda 13,5 min kvadrat kilometr ərazidə tikinti-quruculuq işləri aparılır

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra tikinti sektoru ölkə iqtisadiyyatının lokomotivinə çevrilib.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh-2025" sərgisində çıxışı zamanı deyib.

"İşğaldan tam azad olunması və ərazi bütövlüyünün bərpasından sonra ölkə yeni bir inkişaf və quruculuq dövrünə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda ilk dəfədir ki, 13,5 min kvadrat kilometr ərazidə eyni vaxtda tikinti-quruculuq işləri aparılır. Artıq 6 şəhər və 28 yaşayış məntəqəsində məcburi köçkünlər vətənə qayıdıb, 50 mindən çox əhali Qarabağda yaşayır, işləyir və təhsil alır. Bu, qısa müddətdə əldə olunan ən böyük nailiyyətlərdən biridir", - o qeyd edib.

İ. İsbatov bildirib ki, mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, hidrotexniki qurğular, və mədəniyyət abidələrinin bərpası aparılır, meliorasiya tədbirləri həyata keçirilir:

"Bu işlərin aparılmasında əsasən Azərbaycan inşaatçıları və mühəndisləri iştirak edir. Bununla yanaşı, xarici təcrübədən də faydalanırıq, amma işlərin əksəriyyəti Azərbaycan mütəxəssislərinin zəhmətinin nəticəsidir".

İ.İspatov xatırladıb ki, işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan olunub və burada bütün tikinti işləri sıfır karbon emissiyası hədəfinə uyğun şəkildə həyata keçirilir.

O əlavə edib ki, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərlə yanaşı, ölkənin bütün regionlarında tikinti işləri böyük vüsət alıb.

İ. İsbatov paytaxtda təsdiqlənmiş baş plan əsasında görüləcək işlər barədə də məlumat verib:

"Şəhərin müxtəlif hissələrində iri tikinti meydançalarının təşkili, yeni yaşayış komplekslərinin, ictimai və mülki binaların inşası nəzərdə tutulub. Bu baxımdan sərginin keçirilməsi həm mövcud nailiyyətlərin təqdimatı, həm də gələcək layihələrin müzakirəsi üçün xüsusi əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti