IFC-nin eksperti: "Suyun idarə olunmasında qiymət siyasəti vacibdir"
- 11 sentyabr, 2025
- 16:25

Suyun idarə olunmasında effektivlik üçün qiymət siyasəti və alternativ mənbələr vacibdir
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş investisiya mütəxəssisi Nikola Saporiti Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində baş tutan "Alternativ su mənbələrinin idarə edilməsində innovativ yanaşmalar" panelində bildirib.
O qeyd edib ki, suyun prioritetləşdirilməsi nəzəri və praktiki baxımdan fərqlidir: "Universitetdə öyrəndiyim nəzəriyyəyə görə, prioritetlər belədir: əvvəlcə əhali, sonra ətraf mühit, sənaye və kənd təsərrüfatı. Lakin real həyatda kənd təsərrüfatı və sənaye istifadəçiləri suyu çirkləndirir, nəticədə şəhərlərin istifadəsi çətinləşir və suyun idarə olunması mürəkkəbləşir."
N. Saporiti əlavə edib ki, hər istifadəçiyə kvota ayrılmalı, lakin effektiv istifadəyə təşviq üçün suyun qiymətləndirilməsi vacibdir: "Sənaye suyu daha yüksək qiymətə ödəyirsə, daha az istifadə etməyə məcbur olur. Əhali və şəhər istifadəçiləri üçün isə qiymət su xidmətinin dayanıqlılığını təmin etməlidir. Əks halda suyun davamlı idarə olunması mümkün olmayacaq."
IFC-nin eksperti vurğulayıb ki, suyun idarə olunmasında gələcəkdə alternativ mənbələrdən istifadənin artırılması və düzgün qiymət siyasəti effektivliyin əsas açarıdır.