Hüseyn Büyükfırat: "Türkiyə və Azərbaycanın liderliyi ilə türk dünyası iqtisadi bütövləşmə dövründədir"
- 23 dekabr, 2025
- 13:15
Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı dövrdə Orta Dəhliz artıq alternativdən əsas marşruta çevrilib.
"Report" xəbər verir ki, bunu Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat Bakıda keçirilən II Türkiyə-Azərbaycan İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, dünya iqtisadi və geopolitik baxımdan dərin bir transformasiya prosesindən keçir: "Türkiyə və Azərbaycan isə Orta Dəhlizin iki əsas sütunudur. Asiyanı Avropaya bağlayan ticarətin etibarlı və dayanıqlı xətti artıq bizim coğrafiyamızdan keçir. Bu vəziyyət həm iqtisadi üstünlük, həm də yeni bir regional güc memarlığının ifadəsidir".
H.Büyükfırat vurğulayıb ki, bu, yeni dövrün ən strateji addımlarından biri kimi, şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlıdır: "Bu dəhliz fəaliyyətə başladıqdan sonra türk dünyası quru yolu ilə kəsintisiz şəkildə birləşəcək, Orta Dəhliz tam şəkildə formlaşacaq. Bundan başqa, Zəngəzur dəhlizinin istismara verilməsi ilə Azərbaycan, Türkiyə və Mərkəzi Asiya arasındakı ticarət daha sürətli və səmərəli olacaq. Ən əsası isə regionda davamlı sülh və rifah daha da güclənəcək. Zəngəzur dəhlizi yalnız nəqliyyat xətti deyil, həm də oyun qaydalarını müəyyən edən layihədir. Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat şəbəkələri birləşir, investisiya mühiti güclənir, gömrük prosesləri uyğunlaşdırılır, rəqəmsal və "yaşıl transformasiya" sahələrində ortaq addımlar atılır. Türkiyə və Azərbaycanın liderliyi ilə türk dünyası artıq iqtisadi bütövləşmə dövrünə qədəm qoyub. Bu prosesin mərkəzində iş dünyamız, sahibkarlarımız və investorlarımız dayanır."
Sədr qeyd edib ki, bu gün Azərbaycan dövləti investisiya prosesində yalnız tənzimləyici deyil, investorla birlikdə hərəkət edən tərəfdaşdır: "Məsələn, Azərbaycan Sahibkarlığın İnkişafı Fondu investisiya layihələrinə illik 5 % dərəcəsi ilə 3, 5 və ya 10 il müddətinə təxminən 6 milyon ABŞ dollarına qədər kredit imkanı təqdim edir. Təqdim olunan imkanlar bununla məhdudlaşmır. Azərbaycanda investorlar üçün digər mühüm dəstək mexanizmi isə kapital tərəfdaşlığı modelidir. Əgər investisiya layihənizin ümumi dəyəri 300 min dollardan yuxarıdırsa, Sahibkarlığın İnkişafı Fondu investisiyanıza 30 %-ə qədər şərik ola bilər. Bu tərəfdaşlıq modeli 5 ildən 7 ilə qədər davam edir və investorlara həm maliyyə dəstəyi, həm də risklərin bölüşdürülməsini təmin edir".