Horadiz–Ağbənd dəmir yolunda təhlükəsizlik qalereyasının inşası bu ilin sonuna qədər başa çatacaq
- 06 noyabr, 2025
- 15:00
Horadiz–Ağbənd dəmir yolu xəttinin 99-cu kilometrində inşa olunan təhlükəsizlik məqsədli qalereya bu ilin sonuna qədər hazır olacaq.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirib.
Onun sözlərinə görə, dəmir yolu xəttinin bu hissəsi dağlıq və qayalıq ərazidə yerləşdiyi üçün qaya parçalarının qoparaq rels üzərinə düşməsi ehtimalı var: "Ərazinin relyefi nəzərə alınaraq burada əlavə qoruyucu qalereya layihələndirilib. Qaleriyanın uzunluğu 108 metrdir və monolit dəmir-betondan inşa olunur".
C. Əlövsətov bildirib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində ümumilikdə 4 tunel və 3 qalereya tikilir: "Bu mühəndis qurğuları həm təhlükəsizliyi, həm də infrastrukturun uzunömürlülüyünü təmin etməyə xidmət edir. Layihə çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir və hazırda tunellərdə işlərin 71 %-i başa çatıb".