Gürcüstan ərazisində tranzit vaxtını avtomobil yollarının tikintisi azaldacaq

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 14:22
Gürcüstan ərazisində tranzit vaxtını avtomobil yollarının tikintisi azaldacaq

Azərbaycan-Gürcüstan sərhədindən Gürcüstanın digər ölkələrlə sərhəd məntəqələrinə qədər tranzit vaxtı yeni avtomobil yollarının tikintisi sayəsində təxminən üç saata qədər azalacaq.

"Report" xəbər verir ki, bunu Gürcüstanın "Metro Logistics" şirkətinin icraçı direktoru Rostomi Lejava (Rostomi Lezhava) Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı üçün Gürcüstanda bir sıra strateji əhəmiyyətli layihələr həyata keçirilir.

"Bunlardan biri Anakliya dərin özüllü dəniz limanının tikintisidir. Tikinti işlərinin 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. Liman istifadəyə verildikdən sonra "mother vessel" sinifli gəmilərin qəbulu və 18 minə yaxın konteynerin aşırılması mümkün olacaq. Bu, təkcə Gürcüstan üçün deyil, həm də Azərbaycan, Qazaxıstan və Çin üçün dönüş nöqtəsi olacaq.

Bundan əlavə, Gürcüstanda Azərbaycanla birbaşa əlaqələndirəcək yeni avtomobil yollarının fəal şəkildə tikintisi həyata keçirilir. Nəticədə Azərbaycan-Gürcüstan sərhədindən Gürcüstanın digər ölkələrlə sərhəd məntəqələrinə qədər tranzit vaxtı indiki beş saat əvəzinə təxminən üç saata qədər azalacaq", - R. Lejava qeyd edib.