Gürcüstan dəmir yolu infrastrukturunun inkişafına 1 milyard lariyə qədər vəsait yatıracaq
- 25 sentyabr, 2026
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Orta Dəhlizin gücləndirilməsi çərçivəsində dəmir yolu infrastrukturunun gələcək inkişafına 1 milyard lariyə qədər vəsait yönəltməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çxışı zamanı deyib.
Onun sözlərinə görə, daha əvvəl dəmir yolunda həyata keçirilmiş modernləşdirmə işləri artıq yüklərin daşınma vaxtını 24 saatdan 12 saata endirməyə imkan verib. Bununla yanaşı, Gürcüstan dəmir yolu infrastrukturuna əlavə investisiyalar yatırmağı planlaşdırır.
"Biz dəmir yolunun modernləşdirilməsinə 1 milyard lariyə qədər investisiya qoymağı planlaşdırırıq ki, bu da 50-dən çox lokomotivin, 10-a yaxın sərnişin qatarının, eləcə də 1 500-ə qədər nəqliyyat avadanlığının alınmasını nəzərdə tutur", - Tsintsadze bildirib.
O qeyd edib ki, Orta Dəhlizin inkişafının digər mühüm elementi Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyətinin artırılmasıdır və illik göstərici 1 milyon tondan 5 milyon tona yüksəldilib.
V.Tsintsadze həmçinin bildirib ki, Gürcüstanda şərq-qərb avtomobil magistralı (E-60 Avropa tranzit dəhlizinin bir hissəsi) çərçivəsində işlərin 75 %-i artıq başa çatıb. Azərbaycan sərhədindən Qara dəniz sahilinə qədər əlaqəni təmin edən qalan hissənin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır. Bundan sonra Qırmızı Körpüdən Sarpiyə qədər yola sərf olunan vaxt səkkiz saatdan dörd saata enəcək.
Onun sözlərinə görə, Gürcüstan həmçinin 2029-cu ildən fəaliyyətə başlaması planlaşdırılan Anakliya dəniz limanının tikintisi layihəsini həyata keçirir. Birinci mərhələdə liman 600 min TEU-ya qədər konteyner və 10 milyon ton quru yük aşırmaq gücünə malik olacaq.
V.Tsintsadze vurğulayıb ki, infrastrukturun inkişafı təkcə Orta Dəhlizin tranzit imkanlarını artırmamalı, həm də region ölkələrində əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasına töhfə verməlidir.