WUF13 rəsmisi: "Yeni Şəhər Gündəliyinə ən güclü nümunələrdən biri Böyük Qayıdış proqramıdır"
- 19 may, 2026
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni Şəhər Gündəliyinin prinsiplərinin tətbiqinə dair ən güclü nümunələrdən biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış proqramıdır.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
O vurğulayıb ki, 30 ilə yaxın işğal dövründə tamamilə dağıntılara və ekosidə məruz qalmış bu ərazilərdə irimiqyaslı yenidənqurma və bərpa işləri aparılır: "Yeni Şəhər Gündəliyinin prinsipləri və şəhərsalmaya yeni yanaşma bu ərazilərdəki planlaşdırma layihələrimizi, planlaşdırma fəaliyyətlərimizi həqiqətən də formalaşdırıb. Onlar davamlılıq, dözümlülük və inklüzivlik, ağıllı şəhərlər və ağıllı kəndlər, yaşıl enerji zonaları və bu proseslərin elə başlanğıcından iqlimə həssas planlaşdırma diqqət mərkəzində saxlanılaraq inşa edilir. Mənzil təminatı nəqliyyat, təhsil, səhiyyə, məşğulluq və sosial xidmətlərə çıxışla birlikdə inkişaf etdirilir, beləliklə, bu ərazilərdə "15 dəqiqəlik şəhər" prinsipləri tətbiq olunur. Bu da mühüm bir dərsi nümayiş etdirir: müvafiq mənzil təminatı təkcə evlərdən ibarət deyil, bu, tam və funksional icmaların və ekosistemin yaradılması deməkdir".