Gələn il “Orta dəhliz” adlı birgə müəssisə yaradılacaq

İnfrastruktur
  • 08 aprel, 2022
  • 08:27
Gələn il “Orta dəhliz” adlı birgə müəssisə yaradılacaq

Hazırda Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan “Orta dəhliz” adlı birgə müəssisənin yaradılması üzərində iş aparır. Müəssisə rəsmən 2023-cü ilin əvvəllərində və ya ortalarında hazır vəziyyətə gətiriləcək.

“Report” xəbər verir ki, bunu “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TITR) Assosiasiyanın Baş katibi Heydər Abdikərimov Brüsseldə keçirilən “RailFreight: dəhlizdə qeyri-sabitlik” adlı sammitdə bildirib.

Tədbirdə beynəlxalq dəmiryolu yükdaşımaları təmsilçiləri iştirak ediblər.

“Bəli, rəsmən birgə müəssisənin yaradılması həyata keçirilir, amma ilin sonunadək gözləməliyik”, - o deyib.

Onun sözlərinə görə, birgə müəssisə emal prosesini asanlaşdırmaqla, müxtəlif ölkələrdən keçidin daha rahat olmasını təmin etməklə Orta dəhlizin dəyərini artıracaq.

Xatırladaq ki, martın 31-də Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi haqqında dördtərəfli bəyanat imzalayıb. Bəyanat əməkdaşlığın möhkəmlənməsinə və dəhlizin keçdiyi ölkələrin tranzit potensialının artırılmasına yönəlib.

Bəyanatda ölkələr arasında marşrutla bağlı əməkdaşlığın və Trans-Xəzər Nəqliyyat Dəhlizini beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün infrastrukturun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Əsas prioritetlərdən biri Avropa və Asiya arasında daşımalarda Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin rəqabətədavamlılığının artırılması və bu xəttin buraxılış qabiliyyətinin yüksəldilməsi üzrə işlərin sürətləndirilməsidir.

Sözügedən birgə müəssisə yüksək keyfiyyətli intermodal nəqliyyat və logistika xidmətləri göstərəcək, transsərhəd tariflərini razılaşdıracaq, habelə Çindən Türkiyəyə və Qara dəniz limanlarına yük daşımalarının tam avtomatlaşdırılması üçün vahid İT-platforma tətbiq edəcək. Bundan başqa, Xəzər dənizi vasitəsilə Şimal-Cənub Beynəlxalq Yük Dəhlizi (INSTC) ilə birləşməklə dəhlizi İrana, Fars körfəzi ətrafındakı ərəb ölkələrinə, Şərqi Afrikaya və Hindistanadək genişləndirmək planlaşdırılır.