Fransa İqtisadiyyat Nazirliyi FASEP layihəsi üçün 700 min avro qrant ayırıb

İnfrastruktur
  • 19 aprel, 2017
  • 13:46
Fransa İqtisadiyyat Nazirliyi FASEP layihəsi üçün 700 min avro qrant ayırıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün “Azərsu” ASC-də Fransanın “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Orelya Buşes, Dünya Bankı, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.

“Azərsu”nun sədri Qorxmaz Hüseynov qeyd edib ki, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərində dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunur.

O.Buşes iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Səfir Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib və yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.

“Suez Environnement” şirkətinin layihə rəhbəri Kristian Monset Fransa İqtisadiyyat Nazirliyinin FASEP layihəsi üçün 700 min avro qrant ayırdığını vurğulayıb: "Bu layihə iki hissədən - su sızmalarının aşkarlanması və lildən enerjinin əldə olunmasından ibarətdir. FASEP çərçivəsində Bakı şəhərində içməli su itkilərinin azaldılmasına dair pilot layihə icra ediləcək. Eyni zamanda Hövsan Aerasiya Stansiyasında lildən enerjinin əldə olunması üçün metanlaşdırma qurğusunun texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Layihənin icrası 2018-ci ilin aprelində başa çatacaq".

Qeyd edək ki, 1858-ci ildə təsis olunan "Suez" şirkəti yaşıllaşdırma, tullantıların emalı və təkrar istifadəsi, alternativ enerji və insan resursları sahəsində ixtisaslaşmış və hazırda dünyanın 70-dən çox ölkəsində layihələr həyata keçirir. “Azərsu” ASC və “Suez Environnement” şirkəti arasında 12 may 2014-cü ildə “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardım"a dair imzaladığı müqavilə əsasən, 5 il ərzində 38 ixtisas üzrə 4500 nəfərin kadr hazırlığı prosesinə cəlb olunması, 250 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulub.

44 filmi