Fariz Əliyev: "Orta Dəhliz yaxın 5 ildə tamhüquqlu beynəlxalq logistika marşrutuna çevrilməlidir"
- 06 oktyabr, 2026
- 15:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaxın beş ildə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafının əsas məqsədi onun tamhüquqlu, inteqrasiya olunmuş beynəlxalq logistika marşrutuna çevrilməsidir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakıda keçirilən Almaniya-Azərbaycan konfransında bildirib.
"Beş il sonrakı dövrə nəzər salsaq, düşünürəm ki, əldə etməli olduğumuz əsas dəyişiklik Orta Dəhlizin ayrı-ayrı milli nəqliyyat sistemlərinin məcmusundan həqiqətən inteqrasiya olunmuş beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsidir", - F. Əliyev vurğulayıb.
Nazirlik nümayəndəsi qeyd edib ki, bu vəzifənin həyata keçirilməsi üçün fiziki infrastrukturun modernləşdirilməsini yumşaq alətlərin tətbiqi - iş proseslərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının unifikasiyası və sərhəd formallıqlarının azaldılması ilə birləşdirən kompleks yanaşma tələb olunur.
F. Əliyevin sözlərinə görə, Azərbaycanda artıq idxal-ixrac və tranzit əməliyyatları üçün milli "vahid pəncərə" platformasının formalaşdırılması üzrə tədbirlər həyata keçirilir ki, bu da yükdaşımaların şəffaflığının və proqnozlaşdırıla bilməsinin artırılmasını təmin edəcək. Növbəti mərhələdə prioritet vəzifə marşrut iştirakçısı olan dövlətlərin, o cümlədən Qazaxıstan, Gürcüstan və Türkiyənin bu cür sistemlərinin texniki və rəqəmsal uyğunluğunun əldə edilməsi olacaq.
F.Əliyev həmçinin institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyinə diqqət çəkib və dəhlizin idarə olunmasının əlaqələndirilməsi üçün normativ-hüquqi bazanın hazırlandığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın uzunmüddətli strategiyası tranzit dövlətindən tamhüquqlu regional iqtisadi haba çevrilməkdən ibarətdir.