ƏMDK sədri Hacıqabulda vətəndaşları qəbul edib
- 09 mart, 2018
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
"Report" Komitəyə istinadən xəbər verir ki, qəbulda Hacıqabulla yanaşı, Abşeron rayonun sakinlərinin də müraciətlərinə baxılıb.
Səsləndirilən müraciətlər əsasən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı, əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə qaydası və proseduru, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi, bu sahədə tətbiq edilən elektron xidmətlər sahəsinə də aid olub.
Bir sıra vətəndaş müraciətləri verilən tapşırıqlara əsasən dərhal müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq, qanunvericiliyə əsasən həlli istiqamətində göstərişlər verilib. Vətəndaş müraciətlərinin həlli birbaşa olaraq komitənin tabeliyində olan qurumların direktorlarına, vəzifəli şəxslərinə həvalə olunub. Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər isə qeydiyyata alınaraq, aidiyyəti üzrə göndərilməsi üçün tapşırıqlar verilib. Qəbulda birbaşa müraciət edən vətəndaşlar da qəbul edilərək müraciətləri dinlənib.